Bakı. Könül Cəfərli – APA. İran parlamentinin deputatları Tehranın “Evin” həbsxanasını ziyarət ediblər.
APA-nın “RadioFərda”ya istinadən məlumatına görə, millət vəkilləri ilə görüşdə İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi də iştirak edib.
O, görüşdə həbsxanadakı məhbus qadınları təmsil edib. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mehdi Davətgəri İSNA-ya açıqlamasında bildirib ki, məhbuslarla görüş 6 saat davam edib və millət vəkilləri onların müxtəlif problemlərini dinləyiblər: “F.Haşimi saxlanıldıqları həbsxananın şəraitinin yaxşı olmamasından şikayət edib”. Ancaq M.Davətgəri məsələ ilə bağlı ətraflı məlumat verməyib.
Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri F.Haşimini 2012-ci il sentyabrın 22-də axşam saat 23-də mənzilində tutub Tehranın “Evin” zindanına aparıblar. Tehran məhkəməsi ötən ilin yanvar ayında F.Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, həbsə salınmamışdı. Məhkəmə F.Haşimini xaricdə fəaliyyət göstərən müxalif saytlardan birinə müsahibə verməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırmışdı.
Ə.H.Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.