Bakı-APA. Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) rəhbərliyi xarici sərmayəçiləri ölkəyə dəvət etmək fikrindədir. Bu barədə Frankfurter Allgemeine Zeitung qəzeti Şimali Koreya hökuməti tərəfindən dəvət olunmuş alman ekspertinə istinadən məlumat yayıb.
«Artıq baş plan mövcuddur. Şimali Koreya rəhbərliyi bu il sərmayəçilərin ölkəyə girişinə icazə vermək fikrindədir», deyə ekspert bildirib.
Onun sözlərinə görə, Pxenyan daha çox Vyetnam iqtisadi modelini təkrarlamaq niyyətindədir. «Pxenyan Çindəki kimi xüsusi sərmayə zonaları yaratmaqdansa, Vyetnamdakı kimi ayrı-ayrı müəssisələrin xarici sərmayəçilərə verilməsinə üstünlük verir», deyə o əlavə edib.
Şimali Koreya lideri Kim Çen In Yeni illə bağlı müraciətində ölkənin siyasətində radikal dönüş olacağını bildirib və 50 ildən çoxdur müharibə vəziyyətində olduqları Cənubi Koreya ilə birləşməyin mümkünlüyünü vurğulayıb. Kim Çen In həmdə iqtisadiyyatın yenidən qurulacağını bəyan edib.