Bakı. Könül Cəfərli – APA. İranın paytaxtı Tehran şəhərində çirkli hava şəraiti nəticəsində indiyədək 4460 nəfər ölüb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın səhiyyə nazirinin müşaviri Həsən Ağacani bildirib. Onun sözlərinə görə, Tehrandakı çirkli hava şəraiti səbəbindən xəstəxanaya müraciət edənlərin sayı 30% artıb: “Onların əksəriyyəti ürək-damar xəstəlikləri və nəfəs yolundakı problemlərdən əziyyət çəkir. İran Səhiyyə Nazirliyi daima xalq və dövləti çirkli hava şəraitinə görə xəbərdar edir. Son iki ildə çirkli hava şəraiti səbəbindən Tehranda 4460 adam ölüb”.
Qeyd edək ki, Tehranda çirkli hava şəraiti səbəbindən rəsmi təşkilatlarda və məktəblərdə tətil elan olunub, yalnız bəzi dövlət idarələri və səhiyyə mərkəzləri, xəstəxanalar fəaliyyət göstərib. Tehranda bu ay ikinci dəfədir çirkli hava şəraiti səbəbindən rəsmi tətil elan edilib.