Bakı – APA. Suriyanın şimalında yerləşən Hələb əyalətindəki beynəlxalq aeroport qiyamçıların silsilə hücumları səbəbindən yanvarın 1-də fəaliyyətini dayandırıb.
Aeroportun rəsmi nümayəndəsi bildirib ki, hava limanının bağlanmasına qiyamçıların bir neçə dəfə mülki təyyarəni ələ keçirmək cəhdindən sonra qərar verilib.
Aeroportun uzun müddətə bağlanmadığı bildirilir. “Suriya ordusu ətraf ərazilərdə qiyamçıları məhv etdikdən sonra aeroport fəaliyyətini davam etdirəcək”, - deyə aeroport rəsmisi vurğulayıb.
Qeyd edək ki, hökumət qüvvələri ilə qiyamçılar arasında 20 aydır, davam edən toqquşmalarda 20-40 min arasında insanın həlak olduğu, 500 min nəfərin qaçqın düşdüyü bildirilir.