Bank Of Baku

Təbrizdə İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələri inkişaf etdirməsinə etiraz plakatları asılıb - FOTO

Təbrizdə İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələri inkişaf etdirməsinə etiraz plakatları asılıb - <span style="color: red;">FOTO
# 17 yanvar 2013 12:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələri inkişaf etdirməsi yerli camaatın ciddi narazılığına səbəb olub. APA-nın məlumatına görə, yanvarın 16-da İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində buna etiraz olaraq plakat asılıb.

 

Təbriz bazarının yaxınlığındakı yerüstü keçiddən asılmış plakatda bu sözlər yazılıb: “Biz Azərbaycan türkləri olaraq İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beyginin işğalçı Ermənistana səfər etməsini və bu ölkəyə əvəzsiz yardım göstərməsini pisləyirik”.

 

Bundan əlavə, Marağada keçirilmiş aksiya zamanı həbs olunmuş höccətülislam Əbduləziz Əzimi Qədimi ilə bağlı ayrıca plakat asılıb. Həmin plakatda isə belə qeyd olub: “Höccətülislam Əbduləziz Əzimi Qədiminin İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beyginin işğalçı Ermənistana səfər etməsinə etiraz etdiyinə görə həbs olunmasını qınayırıq”.

 

Qeyd edək ki, 2012-ci il dekabrın 27-də də İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində bununla bağlı etiraz aksiyası keçirilib. Şəhərin Müsəllim meydanına toplaşan azərbaycanlılar “Haray, haray mən türkəm!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndirərək, İranın Şərqi Azərbaycan vilayətinin valiliyindən Ermənistanla bütün əlaqələrin kəsilməsini tələb ediblər. İran polisi aksiyanı dağıtmaq üçün nümayişçilərə qarşı fiziki gücdən istifadə edib. Nəticədə sıralarında tanınmış azərbaycanlı fəal, höccətülislam Əbduləziz Əzimi Qədim də olmaqla bir neçə nümayişçi həbs edilib. Onlar indiyədək azadlığa buraxılmayıb, hətta həmin aksiyada iştirak etmiş bir neçə azərbaycanlı da bu günlərdə həbs olunub.

 

Xatırladaq ki, İranın Şərq Azərbaycan vilayəti ilə Ermənistanın Armavir vilayəti arasında 25 maddəlik əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə birgə sərgilərin təşkil edilməsi, turizm xidmətləri, rafinə olunmuş neftin istehsalı imkanlarının araşdırılması, azad ticarət zonasına investisiya yatırılması imkanları və s. qeyd edilib. İranın “Araz” Azad İqtisadi Zonasının direktoru Sadiq Nəcəfi isə bildirib ki, Təbriz Ticarət Palatası və “Araz” AİZ-in Ermənistanın Armavir vilayətində nümayəndəliyi açılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR