Bank Of Baku

Tehranın sabiq prokuroru azadlığa buraxılıb

Tehranın sabiq prokuroru azadlığa buraxılıb
# 06 fevral 2013 09:03 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. Tehranın sabiq prokuroru Səid Murtəzəvi azadlığa buraxılıb. APA-nın məlumatına görə, İranın Sosial Təminat Təşkilatının sədri olan S. Murtəzavi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən fevralın 4-də axşam saatlarında işdən çıxıb evə gedərkən həbs edilmişdi. Prokurorluqdan S. Mürtəzəvinin həbs səbəbi açıqlanmasa da, yerli mətbuat onun İran prezidenti Mahmud Əhmədinejadla parlamentin spikeri Əli Laricani arasında yaranmış siyasi qalmaqal nəticəsində tutulduğunu ehtimal edir.

 

Qeyd edək ki, S. Mürtəzəvi 2009-cu ilin iyununda İranda Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkiləri zamanı Kəhrizək həbsxanasında müxalifətçilərə qarşı törədilən cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılıb. Hətta 2010-cu ilin yanvarında İran parlamentində Tehranın sabiq prokurorunun Kəhrizək həbsxanasındakı işgəncələrə başçılıq etməsi ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Sənəddə S. Mürtəzəvinin 2009-cu prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda həbs olunmuş 147 nəfəri Kəhrizək həbsxanasında müxtəlif təzyiqlərə, işgəncələrə məruz qoyduğu qeyd olunub. S. Mürtəzəviyə qarşı bir neçə cinayət işi açılsa da, ancaq İran prezidenti onun məsuliyyətə cəlb olunmasına imkan verməyib. Hətta o, S. Mürtəzəvinin Sosial Təminat İdarəsinin rəhbəri təyin edilməsinə nail olub. Bu səbəbdən 2013-cü il fevralın 3-də İranın əmək, kooperasiya və ictimai rifah naziri Əbdülrza Şeyxülislam ölkə parlamentində dindirilib. Səsvermə nəticəsində Ə. Şeyxülislamiyə impiçiment elan olunub. İclasa naziri müdafiə etmək məqsədilə qatılan M. Əhmədinejadla spiker Əli Laricani arasında siyasi qalmaqal baş verib. İran prezidenti spikerin qardaşı Fazil Laricani ilə Səid Mürtəzəviyə aid olduğu iddia edilən audioyazını parlamentdə dinlətdirib. Bu da S. Mürtəzəvi məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. Hətta İran prezidenti Mahmud Əhmədinejad  Misirə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Səid Mürtəzəvinin həbsindən çox narahat olduğunu və təəssüfləndiyini deyib. Hadisədən qəzəblənən  prezident bildirib ki, Misirdən qayıdan kimi “belə bir çirkin” məsələnin üstünə düşəcək: “Bu hadisə İrana və məhkəmə sisteminə yaraşmaz. Məhkəmə sistemimiz ailə məhkəməsi deyil. S. Mürtəzəvinin həbs edilməsi çox ayıbdır. Bilmirəm onu nə üçün tutublar? Qanunu biri pozub, amma başqasını həbs ediblər. Halbuki, birinci qanunu pozan tutulmalı idi. Bu adam sadəcə qanun pozuntusu ilə bağlı məlumat verib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR