APA-nın məlumatına görə, bu barədə İran prokurorluğunun rəsmi saytında bu gün məlumat yerləşdirilib. Lakin məlumatda S. Murtəzəvinin həbs səbəbi ilə bağlı açıqlama verilməyib.
İran mediası sabiq prokurorun İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən fevralın 4-də axşam saatlarında evə gedərkən həbs edildiyini yazır. Onun İran prezidenti Mamud Əhmədinejadla parlamentin sədri Əli Laricani arasında yaranmış siyasi qalmaqala görə tutulduğu və hazırda Tehranın Evin zindanında saxlanıldığı ehtimal olunur.
Qeyd edək ki, S. Mürtəzəvi 2009-cu ilin iyununda İranda Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkiləri zamanı Kəhrizək həbsxanasında müxalifətçilərə qarşı törədilən cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılıb. Hətta 2010-cu ilin yanvarında İran parlamentində Tehranın sabiq prokurorunun Kəhrizək həbsxanasındakı işgəncələrə başçılıq etməsi ilə bağlı hesabat müzakirəyəyə çıxarılıb. Sənəddə S. Mürtəzəvinin 2009-cu prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda həbs olunmuş 147 nəfəri Kəhrizək həbsxanasında müxtəlif təzyiqlərə, işgəncələrə məruz qoyduğu qeyd olunub.
S. Mürtəzəviyə qarşı bir neçə cinayət işi açılsa da, ancaq İran prezidenti onun məsuliyyətə cəlb olunmasına imkan verməyib. Hətta o, S. Mürtəzəvinin Sosial Təminat İdarəsinin rəhbəri təyin edilməsinə nail olub. Bu səbəbdən 2013-cü il fevralın 3-də İranın əmək, kooperasiya və ictimai rifah naziri Əbdülrza Şeyxülislam ölkə parlamentində dindirilib. Səsvermə nəticəsində Ə. Şeyxülislamiyə impiçiment elan olunub. İclasa naziri müdafiə etmək məqsədilə qatılan M. Əhmədinejadla spiker Əli Laricani arasında siyasi qalmaqal baş verib. İran prezidenti spikerin qardaşı Fazil Laricani ilə Səid Mürtəzəviyə aid olduğu iddia edilən audioyazını parlamentdə dinlətdirib. Bu da S. Mürtəzəvi məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub.