Bakı-APA. Türkiyənin cənub-şərqində Avropadan gətirilən “Patriot” zenit-raket komplekslərindən biri döyüş hazırlığı vəziyyətinə gətirilib. APA-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, NATO nümayəndələri bildiriblər ki, qalan beş kompleks artıq bu ilin yanvarın sonunadək ölkə ərazisində döyüş növbəsinə başlayacaq.
Xatırladaq ki, NATO Şurası dekabrın 4-də Türkiyədə bu ölkənin müraciətinə cavab olaraq “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə qərar verib. Türkiyənin sorğusu ölkə ərazisinə münaqişə gedən Suriyadan mərmilərin atılması ilə əsaslandırılır.
“Patriot” zenit-raket komplekslərindən biri Adana şəhərinin yaxınlığında döyüş növbəsinə keçib. Maraqlıdır ki, bu kompleks ABŞ Hərbi-Hava Qüvvələrinin də istifadə etdiyi “İncirlik” aviabazasının yaxınlığında yerləşdirilib. Kompleksə Hollandiya hərbçilərindən ibarət heyət cavabdehlik daşıyır.
Adanadan başqa, “Patriot” zenit-raket kompleksləri Qəhrəmanmaraş və Qaziantep şəhərləri yaxınlığında da yerləşdiriləcək.
Xatırladaq ki, Türkiyə XİN rəhbəri Əhməd Davutoğlu ölkəyə hava və raket hücumları təhlükəsi tam aradan götürülənədək xarici hərbçilərin və “Patriot” sistemlərin Türkiyə ərazisində qalacağı barədə bəyanat vermişdi.