Bakı. Könül Cəfərli – APA. «İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında nüvə müzakirələrinin davam etdirilməsi barədə razılıq əldə olunmasına baxmayaraq, rəsmi Tehranın Agentliyə verdiyi cavab bizi məyus edib». APA-nın «Fars» xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü xanım Viktoriya Nuland bildirib.
Onun sözlərinə görə, İran AEBA mütəxəssislərinin Parçin hərbi-sənaye kompleksini ziyarət etməsinə icazə vermir: «Biz İranın AEBA ilə əməkdaşlıq etmək imkanını daha bir dəfə qaçırdığı üçün çox kədərləndik».
Qeyd edək ki, yanvarın 16-17-də Tehranda İranla AEBA arasında növbəti nüvə müzakirələri keçirilib. Ancaq danışıqlar yenə də uğursuz başa çatıb. Bununla belə, tərəflər müzakirələrin fevralın 12-də Tehranda davam etdirilməsi barədə razılığa gəliblər.