Bank Of Baku

Avropa İttifaqı Türkiyə üçün viza prosedurunu sadələşdirir

Avropa İttifaqı Türkiyə üçün viza prosedurunu sadələşdirir
# 28 sentyabr 2011 21:21 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Parlamentində Türkiyə-Avropa İttifaqı parlamentlərarası komitəsinin növbəti toplantısı keçirilib. Avropa Parlamentinin (AP) Strasburqda keçirilən sessiyası çərçivəsində keçirilən bu toplantıya Türkiyənin Avropa işləri üzrə naziri Egemən Bağış da qatılıb. Tədbirdə əsasən Türkiyə-Aİ arasındakı münasibətlər, Türkiyənin bu quruma üzvlüyünün perspektivləri, Aİ-nın Türkiyə ilə viza prosedurlarının daha da asanlaşdırılması, eləcə də Kiprlə Türkiyənin arasında yaşanan son gərginliklər kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. Toplantıda Aİ-nı təmsil edən qurumun daxili məsələlər üzrə Komissarı Sesilia Malmström Türkiyə ilə Aİ arasında readmissiya haqqında sazişin yerinə yetirilməsi ilə bağlı razılaşmanın əldə olunmasını bildirib və bunun müqabilində qurumun Türkiyə üçün viza tətbiqinin asanlaşdırılacağının mümkünlüyünü vurğulayıb. Xanım Malmström yaxın gələcəkdə bu məsələdə irəliləyişlərin ola biləcəyini deyib və türkiyəli tələbələr, iş adamlarının uzunmüddətli “multiviza” almaları üçün prosedurların daha da sadələşdiriləcəyini qeyd edib. Egemən Bağış isə öz növbəsində Aİ-nın Türkiyəyə qarşı viza prosedurlarının asanlaşdırılması məsələsində tunelin sonunda işığın göründüyünü dilə gətirib. Türkiyə ilə Aİ arasında readmissiya haqqında sazişin müddəalarına gəldikdə, türkiyəli nazir ölkəsinin həmişə gizli və qanunsuz immiqrasiya ilə mübarizə apardığını bildirib və Aİ-na üzv ölkələr, xüsusilə də qonşu Yunanıstanla bu sahədə hər zaman birgə mübarizə aparacaqlarını söyləyib. “Türkiyə dövləti günü-gündən inkişaf edir, demokratikləşir və regionda əsas rol oynayan ölkəyə çevrilib. Türkiyə 2010-cu ilə qədər Avropanın ən güclü iqtisadi dövlətinə çevrilməyi nəzərdə tutur. Bizim istəyimiz odur ki, Aİ-nın gömrük birliyi çərçivəsində bizim iş adamlarımıza da Avropa daxilində sərbəst hərəkət etməyə şərait yaradılsın. Necə ola bilər ki, bizim mallar sərbəst şəkildə Avropaya daxil ola bilir, malları satan tacirlərə isə bu sərbəstlik verilmir. Elə bilməyin ki, Aİ ilə viza məsələsi ortadan qaldıqdan sonra milyonlarla türk vətəndaşı Avropaya üz tutacaq. Son statistika bunun əksini göstərir. Almaniyada və digər Avropa ölkələrində yaşayan soydaşlarımız əksinə Türkiyəyə dönməyi üstün tuturlar. Çünki bizim iqtisadiyyatımız getdikcə güclənməkdədir. Hesab edirəm ki, Avropanın belə bir çətin vaxtında Aİ-nın Türkiyəyə qarşı hazırkı viza prosedurlarının tətbiqi ədalətsiz bir qərardır”.
Bundan başqa, toplantıda Kipr məsələsi də müzakirə edilib. AP-nin Yunanıstan və Kiprli parlamentarları son zamanlar Türkiyə ilə Kipr arasında yaşanan gərginlikdən narahat olduqlarını bildiriblər və Türkiyənin Aİ-nın üzv ölkələrindən birinə - Kiprə qarşı hədələrini bütünlüklə Aİ-na qarşı hədə kimi qiymətləndiriblər. Buna cavab olaraq, Egemən Bağış, Kiprin statusunun indiyə qədər mübahisəli qalmasında Avropa ölkələrinin də rolunu qınayıb. “ Biz istəyirik ki, Kipr “Birləşmiş Kipr Dövlətləri” olsun və biz də bu vahid dövlətin prezidenti ilə danışa bilək. Lakin bunun üçün adanın hər iki icmasına eyni siyasi azadlıqlar verilməlidir. Bizim Kiprə qarşı ədavətimiz yoxdur. Sadəcə Türkiyənin bu addımı Kiprin hərəkətinə qarşı yönəlmiş adekvat bir hərəkət idi. Kipr bu hərəkətlərini dayandırarsa, o zaman Türkiyə də bu addımı atmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR