ABŞ Hərbi Hava Qüvvələri İspaniyadakı “Moron” aviabazasını genişləndirməyi və modernləşdirməyi planlaşdırır.
Bu barədə The War Zone məlumat yayıb.
Məqsəd B-52 strateji bombardmançı təyyarələrinin yerləşdirilməsi və yanacaqla təmin edilməsi imkanlarını artırmaqdır.
Qeyd edək ki, İspaniyanın cənubunda yerləşən Moron İspaniyaya məxsus aviabazadır və ABŞ tərəfindən ekspedisiya döyüş dəstəyinin təmin edilməsi, eləcə də tranzit təyyarələrə xidmət göstərilməsi üçün istifadə olunur.
Tenderlə bağlı yaxın zamanda yayımlanan ilkin elanda sifarişin ilk bəndində “İspaniyanın Moron şəhərində döyüş təyyarələrinin dayanması üçün perron” göstərilir. Plana əsasən, təyyarələr üçün perron genişləndiriləcək və nəticədə döyüş sursatı olmayan təyyarələr üçün doqquz yeni dayanacaq yeri və ya döyüş sursatı ilə təchiz edilmiş üç yeni B-52 dayanacaq yeri yaradılacaq. Təyyarələrin döyüş sursatı ilə təchiz edilmiş vəziyyətdə yerləşdirilməsi imkanı xüsusi əhəmiyyət daşıyır, çünki təhlükəsizlik məqsədilə təsadüfi partlayış baş verəcəyi təqdirdə əlavə məsafənin olması tələb olunur.
ABŞ Hərbi Hava Qüvvələrinin büdcə sənədində bildirilir ki, mövcud perron döyüş sursatı ilə təchiz edilmiş strateji bombardmançı təyyarələri qəbul etmək imkanına malik deyil.
Yeni dayanacaq yerlərindən əlavə, layihə çərçivəsində 10 yeni yanacaq doldurma quyusunun və onlarla əlaqəli boru kəmərlərinin yaradılması, hərbi mühəndislər üçün anbar kompleksinin başqa yerə köçürülməsi, o cümlədən yeni qapalı anbar sahəsinin və açıq anbar meydançasının yaradılması, habelə perronun kənarlarının və giriş yollarının genişləndirilməsi nəzərdə tutulur.
ABŞ Hərbi Hava Qüvvələrinin 2027-ci maliyyə ili üzrə hərbi tikinti sənədlərində qeyd olunur ki, bu layihə İspaniyanın Moron aviabazasında döyüş hazırlığının artırılması üçün zəruridir. Təlim və döyüş əməliyyatlarının həyata keçirilməsində əsas amillərdən biri qüvvələrin müəyyən edilmiş müddətlərdə sürətli reaksiya verməsinə və yerləşdirilməsinə imkan yaradan infrastrukturdur. Strateji bombardmançı təyyarələrin dayanması üçün genişləndirilmiş perron Moron aviabazasının gələcək missiyaları yerinə yetirmək imkanlarını artıracaq.
Tenderlə bağlı ilkin elana əsasən, layihənin dəyəri 25 milyon dollardan 100 milyon dollaradək qiymətləndirilir. Layihənin işlərin başlanması barədə bildiriş verildikdən sonra 1 038 təqvim günü ərzində başa çatdırılması gözlənilir.
Moron aviabazası ABŞ-ın şərqində həyata keçirilən istənilən əməliyyat üçün Aralıq dənizi və Yaxın Şərqin yaxınlığında yerləşən strateji mövqeyi, geniş dayanacaq sahələri, uzun uçuş-enmə zolağı, təyyarələrə yanacaq doldurma sistemləri və əlverişli hava şəraiti sayəsində həyati əhəmiyyətli həlqədir.