Almaniyanın Baden-Vürtemberq və Bavariya torpaqlarında fermerlər uzunmüddətli anomal istilər və quraqlıq nəticəsində yaranan yem çatışmazlığı səbəbindən mal-qaranı vaxtından əvvəl kəsməyə məcbur olurlar.
Bu barədə DPA məlumat yayıb.
Baden-Vürtemberq Fermerlər Assosiasiyasının məlumatına görə, hazırda regionda kənd təsərrüfatı istehsalçılarının yem ehtiyatları ilin bu dövrü üçün normal göstəricidən 30-40 faiz azdır. Agentliyin məlumatına görə, bəzi ərazilərdə heyvan kəsim məntəqələrində növbələr yaranıb.
Quraqlıq səbəbindən qurumuş çəmənliklərdə yeni ot demək olar ki, bitmir. Bu isə bəzi təsərrüfatları yaxın həftələr üçün yem ehtiyatından məhrum edir.
Bavariyada xüsusilə Frankoniya, Aşağı Bavariya və Yuxarı Pfalts bölgələrində vəziyyət gərgin olaraq qalır. Regional Kənd Təsərrüfatı Nazirliyi hətta otlaq sahələri üçün əlavə ərazilər ayırıb. Hessen federal torpağında da fermerlər heyvan yemi çatışmazlığı ilə üzləşirlər.