Borrell: Türkiyə ilə viza sadələşdirilməsi sahəsində addımlar atılmalıdır

Borrell: Türkiyə ilə viza sadələşdirilməsi sahəsində addımlar atılmalıdır
# 29 noyabr 2023 15:00 (UTC +04:00)

"Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda NATO müttəfiqi kimi Türkiyənin Qara dənizdə rolu vacibdir".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-Türkiyə münasibətləri ilə bağlı hesabatın təqdimatı zamanı media qarşısında çıxışında deyib.

Borrell deyib ki, hesabata əsasən, Türkiyə ilə ortaq maraq doğuran sahələrdə əlaqələrin genişlənməsi üçün addımlar atılmalıdır ki, bura ticarət, investisiyalar, miqrasiya, əlaqələnmə, yaşıl və rəqəmsal keçid, enerji sahələri də daxildir.

Aİ-nin Ali Nümayəndəsi həmçinin, viza sadələşdirilməsini də qeyd edib.

"Biz Yüksək Səviyyəli Dialoq və Assosiasiya Şurasının Fəaliyyətinin bərpasını təklif edirik. Bu Şuranın fəaliyyəti 2019-cu ildə, 4 il bundan əvvəl dayandırılıb".

O əlavə edib ki, Aİ Türkiyədən gözləntilərində açıq olub.

"Biz eyni zamanda, Türkiyə ilə gömrük ittifaqının modernləşdirilməsi ilə bağlı danışıqların başladılması istiqamətində ilk addımların atılmağını təklif edirik. Təbii ki, bununla bağlı bizim Türkiyədən gözləntilərimiz aydındır, Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün bizimlə əməkdaşlıq etmək və Kipr məsələsi ilə bağlı danışıqlar aparmaq üçün səmimi mühitin yaradılması. Türkiyə və Aİ arasında münasibətlərdə qanunun aliliyi və fundamental hüquqlara hörmət məsələsi də vacib olaraq qalır", - Borrell qeyd edib.

O vurğulayıb ki, Aİ-nin Türkiyə ilə əlaqələrin genişlənməsində strateji marağı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR