Bu ilin noyabr ayında Böyük Britaniyada istehlak qiymətləri illik ifadədə 5,1% artıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir.
APA-nın Britaniya bürosunun verdiyi məlumata görə, əsasən yanacaq və enerji xərclərinin artması hesabına baş vermiş bahalaşma ən çox Böyük Britaniyadakı ev təsərrüfatlarına təzyiq göstərir. Bahalaşmanın əsas səbəblərdən biri neft və qaza olan qlobal tələbatın yüksəlməsi fonunda enerji qiymətlərinin artmasıdır.
Bundan əlavə, bir çox malların, o cümlədən tikinti materiallarının və kompüter çiplərinin çatışmazlığı tədarükdə problemlər yaradır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Həm pandemiya, həm də "Brexit" yük maşını sürücülərinin və turizm və ictimai iaşə sektorlarında işləyənlərin sayında azalmaya səbəb olub ki, bu da qiymət artımına səbəb olan digər bir amildir.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin baş iqtisadçısı Qrant Fitzner geniş diapazonlu qiymət artımının inflyasiyanın növbəti kəskin yüksəlişinə səbəb olduğunu, bunun isə son 10 ilin ən yüksək göstəricisi kimi qeydə alındığını deyib. O bildirib ki, ötən ilin bu vaxtından bəri geyim xərcləri, ərzaq qiymətləri, ikinci əl avtomobillər və tütün rüsumlarında artım müşahidə olunub.
Qeyd edək ki, qiymət artımı "Uber"dən də yan keçməyib. Məşhur taksi və çatdırılma xidməti şirkəti Londonda gediş haqqını orta hesabla 10% artırıb. Bundan başqa, ikinci əl avtomobillər 2021-ci ilin oktyabr-noyabr ayları arasında ortalama 3,1% bahalaşıb. Ərzaq sahəsində də inflyasiya müşahidə olunur. Belə ki, şəkər, mürəbbə, şərbət, şokolad və qənnadı məmulatları, tütün bahalaşan məhsullar sırasındadır.
Bundan başqa, Nəqliyyat Nazirliyindən bildirilib ki, gələn ilin mart ayından etibarən qatar biletlərinin qiymətində 3,8% artım olacaq.