Pandemiya və digər səbəblərdən dünyada müşahidə edilən yüksək inflyasiya Türkiyədən də yan keçməyib. Təkcə noyabr ayında Türkiyədə illik inflyasiya 21,31% təşkil edib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, son günlər türk lirəsinin ucuzlaşmasında tarixi antirekordlar qeydə alınıb.
2019-cu ildən başlayaraq dolların lirəyə qarşı məzənnəsində dalğalanmalar müşahidə olunur. Həmin vaxtdan 1 dollar 4,5 lirəyə bərabər olub, bu ilin noyabrın 29-dan sonra isə lirənin ucuzlaşması sürətlənib. Dekabrın 20-də artıq 1 ABŞ dolları 18,29 lirəyə, 1 avro isə 20,52 lirəyə bərabər olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Nazirlər Kabinetinin iclasından sonrakı açıqlaması və milli valyutanın dəyərinin qorunması haqqında qərarın "Rəsmi gazete"də dərc olunmasından sonra lirə dollara qarşı bir qədər möhkəmlənib. Belə ki, ötən gecədən dolların lirəyə qarşı məzənnəsi 11-14 lirə, avronun isə 13-16 lirə civarında olub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dünən Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında türk lirəsinin məzənnəsini artırmaq üçün yeni tənzimləmələrin olacağını deyib.
Lakin hazırda Türkiyədə xarici valyutanın nisbətən dəyərdən düşməsi əhalinin lirəyə olan marağını artırmaqdan daha çox dolların alışını artırıb.
İqtisadçı-sosioloq Söner Kayanın fikrincə, lirənin məzənnəsinin bu şəkildə tənzimlənməsi praktikada milli valyutanın qısa zamanda dəyərini artırsa da, orta müddətə yenidən düşməsinə rəvac verə bilər.
"Əgər əhali banklara dollarla vəsait qoyarsa, bazarda dollar qıtlığı yarana bilər, bu da dolların dəyərini artıracaq. Prezident də əhaliyə müraciətlə depozitləri lirədə açmağı tövsiyə edib ki, lirə dəyərdən düşməsin və bundan itiriləcəyi mənfəəti dövlət hesabına ödəsin. Lakin bu da yerli valyutanın davamlı olaraq çapına gətirib çıxaracaq və nəticədə bu, iqtisadiyyatda likvidlik tələsi dediyimiz məsələyə səbəb ola bilər", - S. Kaya bildirib.
Ekspertin fikrincə, ABŞın maliyyə requlyatoru (FED) fevral ayınadək bütün ölkələrdə dolların dəyərini artırmaq üçün faiz dərəcəsində artım edəcəyini də nəzərə alsaq, dolların məzənnəsinin Türkiyədə də yüksəlməsi qaçılmazdır: "O zaman insanlar daha çox dollar alıb, dollar üzərindən faiz qazanmağa çalışacaq, bazarda dollar azaldıqca, dəyəri daha da artacaq və bununla da inflyasiyanın qarşısını almaq mümkün olmayacaq".
Türkiyədə minimum əməkhaqqı 2022-ci il üçün 4 250 lirə (325 dollar) müəyyənləşib. Minimum əməkhaqqı ölkənin təxminən 7-8 mln. nəfər əhalisinə şamil edilir, amma S. Kaya deyir ki, ailə üzvlərinin sayını nəzərə alınsa, bu, ümumilikdə, əhalinin 40%-ni əhatə edir: "Xalqımızın 60%-i sabit maaşla işləyir, bu, qorxunc bir rəqəmdir, heç bir ölkə əhalisinin sabit maaşlı olmasını istəməz. Çünki ölkə əhalisinin 60%-dən çoxu istehsalçı yox, istehlakçı olduğu üçün idxaldan asılılıq yaranır, ölkəyə də məhsullar dollarla daxil olur. Məsələn, tualet kağızının qiyməti belə keçən illə müqayisədə 3 dəfə artıb".
Türkiyədə çörəyin qiymətində də artım müşahidə olunur. Əhalinin çörək tələbatının bir qismini bələdiyyələrin nəzdində olan "Halk Ekmek" qarşılayır. Əhalinin ən çox üstünlük verdiyi 250 qram çəkidə olan "normal ekmek" adlandırılan, qarışıq taxıllı çörəyin qiyməti "Halk Ekmek" satış məntəqələrində 1,25 lirədir. Ötən ilin müvafiq dövründə isə həmin çörəyin qiyməti 1 lirə olub. Ankarada "Halk Ekmek" hər gün təxminən 1,1 mln. ədəd "normal ekmek" istehsal edir, amma rəsmi rəqəmlərə görə, paytaxt əhalisini sayı 5,6 mln., qeyri-rəsmi isə 10 mln. nəfərə yaxındır. Ankarada "Halk Ekmek"dən "normal ekmeyin" 0,6 lirə zərərlə istehsal olunduğu bildirilir. Əhalinin çörək tələbatını ödəyən digər müstəqil şirkətlərdə də qiymət və çəki ötən illə müqayisədə kəskin şəkildə yüksəlib. Belə ki, 200 qramlıq "normal ekmeyin" qiyməti 1,75 lirədən 2,25 lirəyədək artıb. Hətta bəzi çörəkbişirmə sexləri qiymət artımındakı bu qədər fərqi çörəyin çəkisini 150 qrama endirməklə ört-basdır edir. Türkiyə un və buğdanı, əsasən Ukrayna və Afrikadan idxal edir.
Türkiyədə inflyasiyaya təkan verən digər amil ölkə iqtisadiyyatının təməlini təşkil edən turizm sektorundakı geriləmədir. Türkiyə dünyanın turizm axını olan 8-ci ölkəsidir.
S. Kayanın sözlərinə görə, ümumilikdə, hər il turizmdən 40-45 mlrd. dollarlıq gəlir əldə edən ölkə son iki ildə pandemiyanın təsirindən, bu il isə üstəlik turizm bölgələrində baş verən kütləvi meşə yanğınlarına görə ciddi itkiyə məruz qalıb.