Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin işğal altında olan Сənubi Osetiya (Tsxinvali) bölgəsində bu gün keçirilən “prezident seçkiləri”ni qınayıb.
APA-nın yerli bürosu xəbər verir ki, rəsmi Tbilisi “seçkiləri” qanunsuz adlandıraraq bunun beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd olduğunu bildirib.
XİN-nin yaydığı bəyanatda qeyd edilib ki, “seçkilər” nə işğal rejiminə legitimlik qazandıra, nə də Tsxinvali bölgəsinin Gürcüstanın ayrılmaz hissəsi kimi beynəlxalq hüquqi statusunu dəyişə bilər.
Rəsmi Tbilisi həmçinin Rusiyanın sentyabrın 18-dən 20-dək işğal olunmuş Abxaziya və Tsxinvali bölgələrində Rusiyanın Dövlət Dumasına seçkilər keçirmək qərarını qətiyyətlə pisləyib.
“Gürcüstan hökumətinin razılığı olmadan ölkənin suveren ərazisində Rusiyanın seçki məntəqələrinin açılması və fəaliyyət göstərməsi Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə kobud şəkildə pozulması, eləcə də Rusiyanın Gürcüstan bölgələrinin faktiki ilhaqına yönəlmiş siyasətinin daha bir açıq təzahürüdür”, - bəyanatda deyilir.
XİN beynəlxalq ictimaiyyəti Rusiyanın qanunsuz hərəkətlərini lazımi şəkildə qiymətləndirməyə və qətiyyətlə pisləməyə, həmçinin müvafiq beynəlxalq-hüquqi və siyasi reaksiyanı təmin etməyə çağırıb.