Gürcüstan parlamenti qumar oyunları ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin növbədənkənar iclasında keçirilən səsvermədə iştirak edən deputatlardan 82-si layihənin lehinə, 1-i isə əleyhinə səs verib.
Yeni qanuna görə gələn il martın 1-dən etibarən ölkədə qumar oyunlarının reklam edilməsinə qadağa tətbiq ediləcək, həmçinin dövlət rəsmilərinin, Milli Bankın əməkdaşlarının və əhalinin sosial baxımdan həssas qruplarının qumar oynamasına icazə verilməyəcək.
Qanunda qumar oyunlarında iştirak üçün minimum yaş həddi isə 25 yaş müəyyən edilib.
Bundan başqa, Gürcüstan banklarına məxsus kartlarla xarici qumar və mərc oyunları ödənişlərini etmək mümkün olmayacaq.
Vergi xidməti orqanları, kommersiya bankları və mikromaliyyə təşkilatlarının xarici qumar şirkətləri ilə əlaqələr qurmasına icazə verilməyəcək.
Yeni qanunun gətirdiyi məhdudiyyətlərin təxminən 1 milyon Gürcüstan vətəndaşını əhatə edəcəyi bildirilib.