Fransa Prezidenti Emmanuel Makron Avropa Mərkəzi Bankının keçmiş rəhbəri (2011-2019) və İtaliyanın keçmiş Baş naziri Mario Dragini Avropa Komissiyasının Prezidenti vəzifəsinə təklif edib.
APA xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti Paris və Brüsseldəki diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Fransa Prezidenti bir neçə dəfə müxtəlif tərəfdaşlara, həmçinin Almaniya Kansleri Olaf Şoltsa növbəti Aİ seçkilərində Avropa Mərkəzi Bankının keçmiş rəhbərinə müraciət etməyin məqsədəuyğun olacağını deyib.
"La Repubblica" qəzeti qeyd edir ki, qarşıda Ukraynadakı münaqişənin nəticələri, Çinin artan iddiası, Donald Trampı beynəlxalq arenaya qaytara və bununla da Avropanı yenidən təcrid edə biləcək Amerika seçkiləri var və Makronun fikrincə problemlərlə üzləşmək üçün müəyyən nüfuza malik olan şəxsə etibar etmək məqsədəuyğun olardı.
Nəşrin xəbərinə görə, Berlin Fransanın təklifini dəstəkləyə bilər ki, bu da Avropa Komissiyasının hazırkı Prezidenti Ursula von der Leyenin 2024-cü ildə NATO-ya rəhbərlik etmək ehtimalı ilə bağlıdır.
Bununla belə, qəzet qeyd edir ki, Baş nazir Giorgia Meloni hökumətinin buna necə cavab verəcəyi bəlli deyil, çünki hökumətin razılığı olmadan bir italyan Aİ rəhbərliyinə namizəd göstərilə və seçilə bilməz.
Nəşrin iddiasına görə, Makronun bu təklifi Ağ Evdən də dəstək alacaq.
Xatırladaq ki Avropa Komissiyasının Prezidenti 5 ildən bir seçilir. Avropa İttifaqı Şurası tərəfindən təklif olunan namizəd Avropa Parlamentində səs çoxluğu ilə təsdiqlənməlidir. Parlament namizədi təsdiq edə bilməsə, Aİ Şurası başqa namizəd təklif etməli və yeni namizəd də Avropa Parlamentində səs çoxluğu ilə təsdiqlənməlidir.
Hazırda Avropa Komissiyasına rəhbərlik edən Ursula von der Leyen 2019-cu ildən bu postdadır və onun səlahiyyət müddəti gələn il bitir.