Polşa Baş naziri Mateuş Moravietski Ukraynaya səfər edib.
APA "Polsat News"a istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin mətbuat katibi Piotr Müller deyib.
“Baş nazir Moravietski Kiyevə gedib. O, bir sıra görüşlər keçirəcək. Geosiyasi vəziyyət, enerji bazarındakı vəziyyət, enerji və hərbi təhlükəsizlik müzakirə olunacaq”, - Müller bildirib.
O vurğulayıb ki, bu səfər Kreml üçün siqnaldır.
“Biz üzləşdiyi bu çox çətin vəziyyətdə Ukraynanı dəstəkləyəcəyik. Hesab edirik ki, Rusiya bütün mümkün beynəlxalq standartları pozur. Ukraynanı müdafiə etmək həm də bizim təhlükəsizliyimizi qorumaqdır”, - hökumət sözçüsü əlavə edib.
Mətbuat katibi bildirib ki, təhlükəsizliyə görə Baş nazirin səfəri barədə əvvəlcədən məlumat verilməyib.