Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə müalicə olunduğu “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.
Məlumata əsasən, Saakaşvilinin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onun stasionar müalicəyə ehtiyacı artıq yoxdur. Bu səbəbdən eks-prezident xəstəxanadan buraxılıb və 12 saylı penitensiar müəssisəyə qaytarılıb.
Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra həbs olunub. O, 2022-ci ilin mayından “Vivamed” klinikasında müalicə alırdı.
Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illərdə iki müddətə Gürcüstan prezidenti vəzifəsini tutub. 2013-cü il parlament seçkilərində məğlubiyyətdən sonra ölkəni tərk edib.
Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana qayıdıb və oktyabrın 1-də həbs olunub. Həbsxanada olduğu müddətdə bir neçə dəfə aclıq elan edib. Səhhəti pisləşdiyi üçün öncə həbsxananın klinikasına, daha sonra 2022-ci ilin mayında isə “Vivamed” özəl klinikasına yerləşdirilib.
Saakaşvili hakimiyyətdən sui-istifadədə, büdcə vəsaitlərinin israfçılığında, etiraz aksiyasının zorakılıq yolu ilə dağıdılmasında və siyasi opponentlərinin təqibində ittiham olunur.
Sabiq dövlət başçısı barəsində bir neçə cinayət işi açılıb. O, 2015-ci ildə Gürcüstan vətəndaşlığından məhrum edilib.
Eks-prezident dövlət sərhədini qanunsuz keçməyə görə 4 il 6 ay, büdcə vəsaitlərinin israf olunmasına görə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla bağlı digər cinayət işləri üzrə məhkəmə prosesləri davam etdirilir.