Tbilisidə polislə etirazçılar arasında qarşıdurma baş verib, xüsusi təyinatlılar səfərbər edilib - FOTO

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma baş verib, xüsusi təyinatlılar səfərbər edilib  - FOTO
# 28 aprel 2024 23:45 (UTC +04:00)

Tbilisidə “xarici təsir” qanunu əleyhinə aksiya keçirən etirazçılar Respublika meydanından parlament binasına yürüş ediblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hazırda parlament binasının ətrafında vəziyyət gərgindir.

Binanın girişlərinin təhlükəsizliyi gücləndirilib. Etirazçılardan bəziləri hakim “Gürcü Arzusu” partiyasının sabah parlament binasının qarşısında keçiriləcək mitinqi ilə əlaqədar quraşdırılmış səhnəni tutmağa çalışıblar.

Nəticədə polislə etirazçılar arasında qarşıdurma olub, polis bibər qazından istifadə edib.

Bu dəqiqələrdə əraziyə xüsusi təyinatlı polis dəstələri və su şırnağı səfərbər edilib.

***

20:18

Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının "Avropaya hə, Rusiya qanununa yox" adlı genişmiqyaslı etiraz aksiyası keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, paytaxtın Respublika meydanına toplanmış minlərlə Gürcüstan vətəndaşı ərazidə avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Nümayişə Gürcüstan və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlanılıb. Aksiyaya müxtəlif müxalifət partiyaları da dəstək veriblər.

Etirazçılar hakim "Gürcü arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ölkənin milli maraqlarına zidd olduğunu bildirirlər.

Aksiyaya qoşulanların sayı artmaqdadır. Qeyd edək ki, sabah Gürcüstan parlamentinin sessiyasında qanun layihəsinin ikinci oxunuşa çıxarılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR