APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl planlaşdırılan səfər barədə Böyük Britaniyanın müdafiə naziri Maykl Felon bildirib.
“Eşton Karter iyunun 23-də Estoniyaya səfər edəcək. O 1918-20-ci illərdəki Azadlıq Müharibəsində qələbəyə həsr olunmuş bayram tədbirlərində iştirak edəcək, sonra isə iyunun 24-25-də keçiriləcək NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında iştirak etmək məqsədi ilə Brüsselə yola düşəcək”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Maykl Felon ötən gün Estoniyaya səfərə gəlib. Maykl Felon səfər çərçivəsində Tallin yaxınlığındakı Emari aviabazasında britaniyalı hərbçilərlə görüşüb. Qeyd edək ki, bu bazada yerləşdirilən Britaniyanın dörd “Eurofighter Typhoon” tipli qırıcı təyyarəsi mayın 1-dən rotasiya qaydasında Baltikyanı ölkələrin hava məkanının patrul olunmasında iştirak edir.
Qeyd edək ki, bir neçə gün əvvəl “The New York Times” nəşri rəsmi mənbələrə istinadən dərc etdiyi məqalədə bildirirdi ki, Pentaqon Şərqi Avropada beş min hərbçisini təmin edə biləcək sayda ağır texnikasını yerləşdirmək imkanlarını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, “Pentaqon Avropada mümkün Rusiya təcavüzünün qarşısını almaq məqsədi ilə Baltikyanı və Şərqi Avropa ölkələrində beş min amerikalı hərbçini təmin edilməsinə kifayət ola biləcək sayda tanklar, PDM və sair ağır texnika yerləşdirə bilər”.
Nəşr bildirir ki, ABŞ hərbi texnikası regiondakı müttəfiq ölkələrin hərbi bazalarında müxtəlif sayda yerləşdirilə bilər. Belə ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan qeyd edilir.
Estoniya, Litva və Polşa hakimiyyət qurumları artıq bu planları dəstəkləyib. ABŞ isə məsələ ilə bağlı yekun qərarın verilmədiyini bildirir.