APA-nın Ağ Evin rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Birliyi -ABŞ sammitindən sonra mətbuat konfransında çıxış edən Barroso, Ukraynadakı vəziyyətin Avropa Enerji təhlükəsizliyi üçün “oyanış zəngi” olduğunu və Rusiyaya eyham vuraraq Avropanın “təhlükəli nöqtələrdən” gələn enerjidən daha az asılı olmasına ehtiyac olduğunu qeyd edib.
“Enerji təhlükəsizliyi barəsində prezident Barak Obamanın bir az öncə dediyi kimi, biz Avropada bəzi problemlərimizi həll etməliyik. Biz bunun üzərində çalışırıq. Misal üçün, biz yeni qaz marşrutu açmışıq. Bizdə ilk dəfə Avropanın şərq hissəsindən, lakin Rusiyadan gəlməyən qaz olacaq. Bu Azərbaycan, "Cənub dəhlizi” olacaq, - deyə Barrosu bildirib.
Qeyd edək ki, Avropa Birliyinin neft və qaz tələbatının təxminən 3-də biri Rusiya tərəfindən ödənilir. Ümumilikdə isə Rusiyadan Avropa birliyinə ötürülən qazın 40 faizi Ukrayna ərazisindən nəql edilir. Avropa Birliyi illərlə Rusiyadan asılılığını azaltmaq üçün hazırda Birləşmiş Ştatlarla müzakirə edilən Transatlantik Ticarət və İnvestisiya tərəfdaşlığına ümid bəsləyir.