Bakı-APA. BMT FİFA-da korrupsiya qalmaqalının inkişafını izləyir və təşkilatla birgə layihələrin reallaşdırılması qaydalarına dəyişikliklər edilməsinə dair qərar verməyə hazırdır. APA-nın məlumatına görə, bu barədə ötən gün “TASS”a BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xan bildirib.
“Biz hadisələri izləyirik və onların gələcəkdə bizim birgə layihələrimizə necə təsir edə biləcəyini araşdırırıq”, deyə Farhan Xan bildirərək təcili hər-hansı dəyişikliklərin ediləcəyini istisna edib.
Qeyd edək ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilib.
Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.