Bakı – APA. BMT-nin insan haqları üzrə ali komissarlığı İstanbulda və Türkiyənin digər şəhərlərində nümayişçilərə qarşı ifrat güc tətbiqindən narahatlığını bildirib. APA-nın xəbərinə görə, komissarlıq Türkiyə hökumətini sərbəst toplaşmaq azadlığını, etirazçıları isə nümayişlərin dinc xarakterli olmasını təmin etməyə çağırıb.
Komissarlığın mətbuat katibi Sesil Puyi Türkiyə hökumətinin ifrat güc tətbiqi hallarına yol verildiyini qəbul etməsini və qanunları, beynəlxalq normaları pozan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı təhqiqat aparmağa hazır olmasını alqışlayıb: “Belə təhqiqatlar operativ, müstəqil və tərəfsiz aparılması, günahkarlar məhkəməyə verilməlidir”.
S. Puyi Türkiyədə çoxlu sayda insanın saxlanıldığı, onlarla nümayişçinin yaralandığı haqda xəbərlər aldıqlarını söyləyib. O bəyan edib ki, bütün yaralılar maneəsiz tibbi yardım almalı, saxlanılanların müdafiə hüququ təmin olunmalıdır. O, Türkiyə hökumətini vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb.