Gürcüstandan keçən strateji boru kəmərləri yüksək səviyyədə mühafizə edilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri fevralın 7-də Gürcüstanın DİN əməkdaşlarını mükafatlandıran “BP Georgia” şirkətinin baş meneceri Kris Şliter bildirib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin mühafizə sahəsində çalışan əməkdaşları strateji boru kəmərləri təhlükəsizliyini təmin etmək üçün vətəndaş cəmiyyəti ilə əlaqələri genişləndirib və nəticədə strateji boru kəmərlərinin mühafizəsini yüksək səviyyəyə çatdırıb. Baş menecer strateji boru kəmərlərinin mühafizəsinə verilən əhəmiyyətli töhfə üçün DİN-in əməkdaşlarına təşəkkürünü bildirib. Sonra “BP Georgia” nazirliyin 74 əməkdaşını mükafatlandırıb.
Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mükafatlandırma mərasimində daxili işlər nazirinin müavini Merab Malaniya, strateji boru kəmərlərinin mühafizə departamentinin direktoru Zurab Cabaşvili və Şida Kartli bölgə idarəsinin rəhbərliyi və digər rəsmi şəxslər iştirak edib.