Moskva-Naxçıvan marşrutu üzrə uçan sərnişin təyyarəsində qeyri-adi hadisə baş verib.
“Baza” teleqram kanalının məlumatına görə, “Utair” aviaşirkətinə məxsus təyyarə Xəzər dənizi üzərində uçarkən sərnişinlərdən biri qəfil xidmət qapısını açmağa cəhd edib.
Nəticədə bortda siqnalizasiya sistemi işə düşüb. Təyyarə bələdçiləri qadını vaxtında saxlayaraq mümkün təhlükənin qarşısını alıblar.
Daha sonra məlum olub ki, sərnişin tualeti axtararkən qapıları səhv salıb və xidmət qapısını açmağa çalışıb.
Məlumata görə, təyyarə Naxçıvana çata bilməyib. Lakin buna səbəb hadisə deyil, əlverişsiz hava şəraiti olub. Naxçıvan hava limanı reysləri qəbul etmədiyindən hava gəmisi ehtiyat hava limanı kimi Gəncəyə eniş edib.