Bakı. Türbət Bağırova - APA. “Müasir dünyada qaçqın böhranı, Tunis, Türkiyə, Fransa kimi ölkələrdə baş verən terror hücumları, Ukraynada davam etməkdə olan gərginlik onu göstərir ki, təhlükəsizliklə bağlı çağırışlar artmaqdadır”.
APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık “NATO-nun 2016 Varşava sammiti: imkanlar və gözləntilər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Qərbə qarşı bəzi məsələlərdə müxalifətdə duran Rusiya son dövrlər daha avtoritar və milliyyətçi olub.
Səfir qeyd edib ki, hazırda qeyri-dövlət aktorları qismində əsas təhdid İŞİD tərəfindən Yaxın Şərq və Şimali Afrikada törədilir və bunun miqyası artmaqdadır: “2014-cü ildə Uelsdə keçirilən NATO sammiti “soyuq müharibə” sonrası əsas sammitlərdən biri olub. 2015-ci ildə Uels öhdəliklərinin həyata keçirilməsində mühüm addımlar atdıq. Qarşıdan gələn Varşava sammitində ittifaqın birliyini bir daha təsdiqləməliyik. NATO Avropa İttifaqı ilə yanaşı, digər təşkilatlarla, tərəfdaş ölkələrlə işləməli və mövcud böhranların qarşısının alınmasına yardım etməlidir”.