İstanbul. Mais Əlizadə - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Misirdə baş verənlərə dair rəsmi mövqeyini açıqlayıb. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, Ə. Davudoğlu demokratik yolla hakimiyyətə gələn prezidentin hərbi çevrilişlə vəzifədən kənarlaşdırılmasının qəbuledilməz olduğunu bəyan edib.
Ordunun ölkə üsul-idarəsinə müdaxiləsindən narahat olduqlarını söyləyən nazir, nəzarət altında saxlanan keçmiş prezident Məhəmməd Mursi və digər dövlət nümayəndələrinin dərhal sərbəst buraxılmasını tələb edib. Misiri sadəcə bölgə siyasətinin deyil, dünya siyasətinin önəmli aktyoru kimi xarakterizə edən Əhməd Davudoğlu ölkədəki hərbi üsul-idarənin ən qısa müddətdə şəffaf seçki keçirməsinin və bu seçkidə bütün siyasi qüvvələrin heç bir maneə olmadan iştirakının zəruriliyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri bölgədə “ərəb baharı” kimi qiymətləndirilən proseslərin “ərəb qışı”na dönməsinə dair iddiaları qəbul etmədiklərini və bütün hallarda əbədi və əzəli qardaş olan Misir xalqının yanında olacaqlarını deyib.
Baş nazir Ərdoğanla birlikdə vəziyyəti ətraflı şəkildə dəyərləndirəcəklərini bildirən Ə. Davudoğlu daha sonra geniş açıqlama verə biləcəklərini də sözlərinə əlavə edib. O, jurnalistlərin suallarına cavab vermədən mətbuat konfransını bitirib.