Bakı-APA. Bolqarıstan və Rumıniyanın Şengen zonasına üzv olmasına hələ tezdir. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu cür bəyanatla sentyabrın 26-da Fransa hökumətinin rəsmi nümayəndəsi Nadjat Vallo-Belkasem çıxış edib.
“Fransa Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasına “yox” deyir, çünki hesab edir ki, bunun üçün lazımi şərait hələ yaranmayıb. Avropa Birliyində bu mövqedən tək Fransa çıxış etmir”, deyə hökumətinin rəsmi nümayəndəsi bildirib.
Siyasi şərhçilərin fikrincə, Vallo-Belkasemin bəyanatı Fransa DİN-in rəhbəri Manuel Valsın Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən Fransaya gələn qaraçıları geri qaytarmaq barədə təklifindən sonra yaranan mübahisələrin fonunda səslənib.
Qeyd edək ki, nazirin sözləri Avropa Komissiyası tərəfindən sərt tənqid olunub.