Bank Of Baku

Gürcü məmur İrəvanda həbsdə olan azərbaycanlının məsələsini Ermənistan səfiri ilə müzakirə edib

Gürcü məmur İrəvanda həbsdə olan azərbaycanlının məsələsini Ermənistan səfiri ilə müzakirə edib
# 01 oktyabr 2015 16:08 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Mən Gürcüstanın Ermənistandakı səfirliyinə, konsulluğuna dünən və bu gün zəng etdim. Ermənistanın Gürcüstandakı səfiri mənə söz vermişdi ki, sentyabrın axırınadək Faxralı kənd sakini Turqay Mikayılov sərbəst buraxılacaq. Gürcüstanın konsulu Ermənistanda saxlanılan Turqay Mikayılovla görüşüb. Mənə verilən məlumata görə, Turqay həbsxanada özünü qeyri-adekvat aparıb və orada işləyənləri söyüb. Həbsxana rəhbərliyi Turqayın psixi xəstə olduğunu bildirib”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili deyib.

 

O, T. Mikayılovun taleyi ilə həmişə maraqlandığını bildirib.

 

Qubernator APA-nın Gürcüstan müxbirinin yanında Ermənistanın Gürcüstandakı səfiri Yuri Qvardanyana zəng vurub və T. Mikayılovun vəziyyəti ilə maraqlanıb. Ermənistan səfiri T. Mikayılovun barəsində cinayət işinin qaldırılacağını və onun psixi xəstə olduğunu bildirib. Səfir İrəvanda saxlanılan Gürcüstan vətəndaşının ekspertizaya göndəriləcəyini də vurğulayıb.

 

P. Xizanişvili Ermənistan səfirinə T. Mikayılovun 3 uşaq atası olduğunu və ailəsinin sosial vəziyyətinin ağır olduğunu bildirib: "Onun ailəsinin durumu doğrudan da acınacaqlıdır. Turqay bəlkə bu üzdən həbsxanada özünü saxlaya bilməyib və həbsxana işçilərini söyüb".

 

Kvemo-Kartli qubernatoru T. Mikayılovun birbaşa məhkəmə zalından azad olunacağını istisna etməyib: "Ermənistan səfiri mənə dedi ki, bu, hələlik mümkün deyil. O, hazırda vəziyyətin gərgin olduğunu və saxlanılan vətəndaşımızın birbaşa məhkəmədən buraxılmasının ölkədə narazılığa səbəb olacağını bildirib. Bununla belə səfir Turqayın məhkəmə zalından buraxılıb Gürcüstana göndərilməsi üçün çalışacağına söz verib".

 

Qubernator T. Mikayılovun işi ilə bağlı Ermənistandan Gürcüstana nümayəndələrin gələcəyini və onlara lazımi məlumatların veriləcəyini bildirib: "Bu insan cəsus deyil, hər hansı yeri partlatmaq məqsədi olmayıb, sadəcə yolunu azıb".

 

P. Xizanişvili T. Mikayılovun həbsxanada döyülmədiyini və ona işgəncə verilmədiyini də deyib: "Ona nə edəcəklər? Onlar bilirlər ki, o, xəstədir". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR