Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda 2 majoritar dairənin 4 məntəqəsində parlament seçkilərinin birinci turunun təkrar səsverməsi keçirilir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonundakı 36 saylı seçki dairəsinin 48 saylı Qızılhacılı seçki məntəqəsində saat 08:00-da təkrar səsvermə başlayıb. Bu məntəqədə 1436 seçici qeydiyyatdadır. Burada hakim “Gürcü Arzusu” Partiyasının namizədi Tamaz Naveriani və müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının namizəd Əhməd İmamquliyev mübarizə aparır. Ə. İmamquliyev oktyabrın 8-də keçirilən səsvermədə 47,91%, T. Naveriani isə 43,1% səs toplayıb. Xatırladaq ki, oktyabrın 8-də 48 saylı seçki məntəqəsində “Gürcü Arzusu” və Vahid Milli Hərəkatın tərəfdarları arasında qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edib. Hazırda polis əməkdaşları seçki məntəqəsinin ərazisində asayişə kənardan nəzarət edir. Komissiyanın işini Mərkəzi Seçki Komissiyasının əməkdaşları izləyir. Məntəqədə yerli və xarici müşahidəçilər, eləcə də jurnalistlər var.
Zuqdidi seçki dairəsində isə 39 saylı Qanmuxuri, 79 və 108 saylı Cixaşkari seçki məntəqələrində səsvermə keçirilir. Məntəqələrdə 2 min 251 seçici qeydiyyatdadır. Burada əsas namizədlər “Gürcü Arzusu”ndan Edişer Toloraya və Vahid Mili Hərəkatdan Mixail Saakaşvilinin xanımı Sandra Rulofsdur. E. Toloraya oktyabrın 8-də 47,37%, S. Rulofs isə 45,31% səs toplayıb.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.