Gürcüstan parlamentinin Tbilisidə yerləşən binasında azərbaycanlılara dövlət dilinin tədrisi üzrə innovativ metodlara əsaslanan layihənin təqdimat mərasimi keçirilib.
APA-nın yerli bürosunun məlumatına əsasən, tədbirdə çıxış edən Gürcüstan parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sofio Kiladze deyib ki, ölkədə yaşayan bütün milli azlıqların dövlət dilini öyrənməsi çox vacibdir.
O bildirib ki, hər bir vətəndaşın ölkə cəmiyyətinə tam inteqrasiyası və məşğulluğu üçün dövlət dilini bilməsi əsas şərtdir: “Müasir dövrdə rəqəmsal texnologiyalar inkişaf edir və dilin tədrisində də onların tətbiqi vacibdir. Yeni layihə yalnız Gürcüstan azərbaycanlıları arasında deyil, ölkədəki bütün etnik azlıqlar üçün də həyata keçirilə bilər”.
S. Kiladze qeyd edib ki, rəhbərlik etdiyi parlament komitəsi yeni layihəni dəstəkləyir.
“Etnik azlıqların nümayəndələri, yüksək dağlıq regionlarda yaşayan və xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün tədrisin yeni üsulları” adlı layihənin ilkin mərhələdə azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycanlıların gürcü dilini öyrənməsi üçün Azərbaycan və gürcü dillərində müxtəlif mövzular üzrə əyləncəli və oyun formasında tapşırıqların olduğu proqram da hazırlanıb.
Layihənin tərəfdaşlarından biri Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Birliyidir.
Təqdimat mərasimində Kvemo Kartli bölgəsinin rəsmi şəxsləri, Azərbaycan icmasının üzvləri və digər şəxslər iştirak edib.