Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda leysan yağışlarından sonra Alget çayının sahilində meyiti tapılan şəxsin kimliyi məlum olub.
APA-nın Gürcüstan bürosunun məumatına görə, çayda boğulan şəxsin azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Candar kəndinin sakini, 38 yaşlı Ramin Abdullayev olduğu müəyyənləşib.
Yerli sakinlər APA-ya bildiriblər ki, aidiyyəti qurum tərəfindən ekspertiza edildikdən sonra bu gün R. Abdullayevin meyiti ailəsinə təhvil verilib.
Məlumata görə, R. Abdullayev Marneulidən 1-2 kilometr aralıqda yerləşən Candar kəndindəki evinə piyada gedərkən Alget çayının üstündəki körpüdən keçən zaman müvazinətini itirərək suya düşüb və boğulub. Sonra onun cəsədi rayonun Sabirkənd kəndində çayın sahilində tapılıb. R. Abdullayevin körpüdən keçən zaman sərxoş olduğu bildirilir.
Daha bir meyit isə dünən Marneuli rayonunun Kürdlər kəndinin ərazisi yaxınlığında, Alget çayının sahilində tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.