Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Marneuli rayonunun Lecbəddin kəndində məktəb binasının bərpa işlərindən sonra açılışı olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Elm və Təhsil Naziri Tamar Sanikidze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirlik əməkdaşları, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, deputatlar, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Marneuli təhsil resursları mərkəzinin rəhbərliyi və digərləri iştirak edib.
Qeyd edək ki, məktəb binası SOCAR-ın Gürcüstan nümayəndəliyinin layihəsi əsasında yenidən bərpa olunub. İstilik sistemi ilə təchiz edilən məktəbdə 130 şagird təhsil alacaq. İkimərtəbəli məktəb binasında kitabxana, müəllimlər otağı, ofis və informatika kabineti və 19 sinif otağı var.
Azərbaycanlıların yaşadığı Lecbəddin kəndində Böyük Vətən Müharibəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidənin, habelə Dağlıq Qarabağda döyüşlər zamanı həlak olan Milli Qəhrəman Cəlil Əziz oğlu Səfərovun abidəsinin bərpadan sonra açılışı olub.