Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən Xalq Hakimiyyəti partiyasının ofisində son günlər Azərbaycanda baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransında çıxış edən Xalq Hakimiyyəti partiyasının üzvlərindən Ramiz Bəkirov, Murman Kuraşvili, Zurab Georqebadze, David Eliadze, Mübariz Qarayev və başqaları Azərbaycanın haqq yolunda olduğunu açıqlayaraq onun ərazi bütövlüyünün beynəlxalq aləmdə tanındığını və Ermənistan rəhbərliyinin regionda vəziyyəti daha da gərginləşdirdiyini bildiriblər.
Tədbirdə çıxış edən Xalq Hakimiyyəti partiyasının Kvemo Kartli bölgəsi üzrə əlaqələndiricisi, keçmiş parlament deputatı Ramiz Bəkirov işğal olunan torpaqların azad olunması Azərbaycanın suveren hüququ olduğunu bildirib: “Bu gün Azərbaycan separatçılara düzgün cavab verir. Artıq ermənilər başa düşür ki, bu problem tezliklə öz həllini tapmalı və hər bir erməni əsgəri Dağlıq Qarabağdan çıxmalıdır.”
Xalq Hakimiyyəti partiyasının üzvləri çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını istəyiblər. Xalq Partiyasının lideri Levan Mamaladze tədbirə Moskva şəhərindən “Skayp” vasitəsi ilə qatılıb. O, tədbir iştirakçılarına və azərbaycanlı jurnalistlərə Dağlıq Qarabağla əlaqədar fikirlərini açıqlayıb: “Qafqazdakı münaqişələr nəticəsində Azərbaycanın və Gürcüstanın torpaqları işğal olunub. Abxaziya, Osetiya və Qarabağ problemləri oxşar münaqişələrdir. BMT bir çox qərar və qətnamələr qəbul edib, lakin onlar nəticəsiz qalıb. Gürcüstan tərəflər arasında sülhməramlı işlər görə bilər və hakimiyyət bu şansı əldən verməməlidir. Ermənistan tərəfi bilməlidir ki, torpaqlar əvvəl-axır geri qaytarılmalıdır ” Mamaladze bildirib.