Tiflis. Nizami Məmmədzadə-APA. İyunun 16-da Gürcüstan Müsəlmanlar İdarəsi (GMİ) və Tiflisdə fəaliyyət göstərən "Alul-Beyt" Mərkəzi ərzaq, xilasetmə və təmizləmə işləri üçün texniki avadanlıq gətirərək şəhər meriyasının rəsmilərinə təhvil verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, yardımı Tiflisin meri D. Narimaniya və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze qəbul edib.
GMİ-nin şeyxi Hacı Ramin İgidov APA-ya açıqlamasında "Alul-Beyt" Mərkəzi ilə birlikdə qərərgaha 13 min lari dəyərində yardım gətirdiklərini bildirib: "Bu məbləğdən 5 min lari təbii fəlakət zamanı zərərçəkənlərin hesabına köçürülüb. Bu, bizim özümüzə olan yardımdır, çünki zərər çəkən də bizik, yardım edən də biz olmalıyıq. Bu, bizim vətəndaşlıq, dini və insanlıq borcumuzdur," GMİ şeyxi vurğulayıb. "Alul-Beyt" Mərkəzinin rəhbəri Faiq Nəbiyev yardımın davam edəcəyini bildirib.
Tiflisin meri D. Narimaniya APA-ya açıqlamasında Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə birlikdə iyunun 16-da diplomatik korpus nümayəndələri ilə görüşdüyünü bildirib: " Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri bizə dövlətinizin köməyini təklif etdi. Yeri gəlmişkən, göstərdikləri yardıma görə mən SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə, həmçinin, Gürcüstanda yaşayan azərbaycanlıların rəhbərlik etdiyi təşkilatlara təşəkkür edirəm," - deyə D. Narimaniya bildirib.
APA-nın məlumatına görə, təbii fəlakətdən zərərçəkənlərə Gürcüstanın bütün rayonlarından çoxsaylı maşın karvanları ilə yardımlar gətirilir. Bu gün azərbaycanlılar yaşayan bölgələrdən zərərçəkənlərə yardımların göndərilməsi davam edəcək.