Tiflis. Nizami Məmmədzad-APA. İyunun 16-da Gürcüstan Müsəlmanlar İdarəsi (GMİ) və Tiflisdə fəaliyyət göstərən "Alul-Beyt" Mərkəzi zərəçəkənlərə iki yük avtomobili ilə ərzaq və xilasetmə və təmizləmə işləri üçün texniki avadanlıq gətirərək şəhər meriyasının rəsmilərinə təhvil veriblər. Gətirilən yardımları Tiflis şəhər meri D.Narimaniya və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze qarşılayıb. APA-nın təbii fəlakət baş verən ərazidə olan müxbirinin məlumatına görə, D. Narimaniya bütün müsəlman təşkilatlarına və azərbaycanlıların Gürcüstandakı təşkilat rəhbərlərinə göstərilən kömək və gətirilən yardım üçün təşəkkürlərini bildirib.
GMİ-nin şeyxi Hacı Ramin İgidov APA-ya açıqlamasında "Alul-Beyt" Mərkəzi ilə birlikdə qərargaha 13 min lari dəyərində yardım gətirdiklərini bildirib: "Bu məbləğdən 5 min lari təbii fəlakət zamanı zərərçəkənlərin hesabına köçürülüb. Bu, bizim özümüzə olan yardımdır, çünki zərər çəkən də bizik, yardım edən də biz olmalıyıq. Bu, bizim vətəndaşlıq, dini və insanlıq borcumuzdur", deyə GMİ şeyxi vurğulayıb.
"Alul-Beyt" Mərkəzinin rəhbəri Faiq Nəbiyev yardımın yenə də davam edəcəyini bildirib.
Azərbaycanlıların Mədəniyyət Mərkəzi 500 laridən çox ərzaq məhsulları təşkil edərək, zərərçəkənlərə kömək üçün yaradılan qərargaha göndəriblər.
Tiflis şəhər meri D. Narimaniya APA-ya açıqlamasında Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə birlikdə iyunun 16-da diplomatik korpus nümayəndələri ilə görüşdüyünü və təbii fəlakət haqqında söhbət apardıqlarını bildirib: "Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri bizə Azərbaycan dövlətinin köməyini təklif etdi. Mən bizə göstərdiyi kömək üçün Gürcüstanda fəaliyyət göstərən SOCAR şirkətinin rəhbərliyinə təşəkkür edirəm. Mən həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların rəhbərlik etdiyi təşkilatlara da təşəkkür edirəm", - deyə Tiflis şəhər meri D. Narimaniya bildirib.
APA-nın məlumatına görə, təbii fəlakətdən zərərçəkənlərə Gürcüstanın bütün rayonlarından çoxsaylı maşın karvanları ilə yardımlar gətirilir. Sabah azərbaycanlılar yaşayan bölgələrdən zərərçəkənlərə yenə də yardımlar göndəriləcəyi bildirilib.