Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Tbilisinin 70 saylı məktəbinin azərbaycanlı şagirdi Aslan Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir bildirib ki, baş vermiş bədbəxt hadisənin səbəbi istintaqla müəyyən olunacaq və adekvat reaksiya veriləcək.
“Aslan Məmmədovun ailəsi və doğmalarının böyük kədərini bölüşürəm. Xəsarət almış digər uşaqların tezliklə sağalacağına inanıram”, - M.Çxenkelinin başsağlığında deyilir.
Tbilisi meri Kaxa Kaladze də A.Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib. O bildirib ki, pəncərə şüşəsinin düşdüyü binada təmir-bərpa işləri 2008-ci ildə başa çatdırılıb: “İstintaq insidentin başvermə səbəbini müəyyən edəcək”.
Qeyd edək ki, bu gün günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 uşağa xəsarət yetirib. Uşaqlardan biri 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Yerdə qalan uşaqların vəziyyəti qənaətbəxşdir. Faktla bağlı cinayət işi açılıb.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və prezident Giorgi Marqvelaşvili də A.Məmmədovun ailəsinə başsağlığı verib.