Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçi dağı məbədi (David Qareci) “Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələrin yekun siyahısına daxil edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, siyahıda Keşikçi dağı məbədi də daxil olmaqla ümumilikdə 7 abidə yer alıb.
Siyahıdakı xüsusi əhəmiyyətli abidələrin bərpası üzrə yerli, milli və beynəlxalq səviyyədə səylərin səfərbər edilməsi prosesinə başlanacaq.
“Europa Nostra” təşkilatı və Avropa İnvestiya Bankının mütəxəssisləri digər tərəfdaşlarla 7 abidəni ziyarət edəcək və abidələrin qorunması üzrə maliyyə dəstəyinin mümkün mənbələrini müəyyən edəcəklər. Ekspertlər bu ilin sonuna qədər hər abidə üzrə fəaliyyət planını tərtib edəcəklər.
Qeyd edək ki, bu il yanvarın 16-da açıqlanmış siyahıda Gürcüstandakı Çiatura kanat yolları da daxil olmaqla dünya üzrə təhlükədə olan 12 abidə yer alıb.
“Europa Nostra” təşkilatı mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən Avropa federasiyasıdır. Avropa İnvestisiya Bankı və Avropa İnkişaf Bankı təşkilatın tərəfdaşları arasındadır.