Bakı-APA. Avropa Birliyinə üzv olan dövlətlərin XİN rəhbərləri tərəfindən Gürcüstana ciddi xəbərdarlıq edilib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə iyunun 25-də Gürcüstan prezidenti Mixeil Saakaşvili Ukrayna baş nazirinin müavini Aleksandr Vilkulla görüşündə Lüksemburqda keçirilmiş AB XİN rəhbərləri Şurasının toplantısında Gürcüstana dair səsləndirilmiş tənqidi bəyanatları şərh edərkən bəyan edib.
“Nazirlər bəyan ediblər ki, Gürcüstanda ciddi problemlər var. Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələri arasında problemli dövlət kimi xüsusi qeyd edilib. Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq üçün bizdə hələ kifayət qədər vaxt var. Biz bunun üzərində çalışmalıyıq. Hesab edirəm ki, bu çox pis və təhlükəli xəbərdarlıqdır. Bu adi bir parlament orqanı deyil. Bu mühüm orqandır, burada AB XİN rəhbərləri qərarlar qəbul edirlər. Biz bu qərarı dəyişə bilmərik və Gürcüstan xeyli geriyə addımlamış olacaq. Özümüzü aldatmayaq - bizdə heç də hər şey yaxşı deyil. Gürcüstan Avropadan beynəlxalq təcridə doğru yuvarlanır və biz, kimin hansı platformada dayanmasından asılı olmayaraq, birlikdə çalışmalıyıq ki, bu baş verməsin”, deyə prezident bəyan edib.
Qeyd edək ki, AB XİN rəhbərlərinin Lüksemburqdakı görüşündə “Şərq tərəfdaşlığı” ölkələrində demokratiyanın durumu nəzərdən keçirilib. Çexiya və Polşanın XİN rəhbərləri Gürcüstanda müxalifətin hüquqi təqibi səbəbindən yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə ediblər.