Bakı. Faiq Mahmudov – APA. “Amerika Birləşmiş Ştatları Rusiya ilə düşmən olmağa hazırlaşmır və Rusiya ilə heç bir münaqişəyə can atmır”.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter Berlində deyib.
“Biz Rusiya ilə soyuq müharibəyə can atmırıq, qaynar müharibədən isə heç danışmağa dəyməz. Rusiya ilə düşmən olmağa çalışmırıq. Lakin biz tərəfdaşlarımızı, qanunun aliliyinə əsaslanan dünya düzənini və pozitiv gələcəyi müdafiə edəcəyik”, - deyə E. Karter söyləyib.
Qeyd edək ki, ABŞ müdafiə naziri bu həftə Avropa turuna çıxıb. Almaniyadan sonra o, Estoniyaya səfər edəcək, iyunun 24-25-də Brüsseldə NATO ölkələrindən olan həmkarları ilə müşavirəyə qatılacaq.