“Rustavi azot” kimya zavodunun işdən azad edilən əməkdaşlarının etiraz aksiyası davam edir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün zavodun inzibati binasının qarşısına toplaşan Metallurgiya, dağ-mədən və kimya sənayesi Həmkarlar İttifaqı təşkilatının üzvləri və işdən azad olunan fəhlələr qeydsiz-şərtsiz olaraq iş yerlərinə bərpa olunmalarını tələb ediblər.
Aksiyalar 12 gün öncə başlanılıb.
Kimya zavodunun metallurgiya, dağ-mədən və kimya sənayesi Həmkarlar İttifaqı təşkilatının rəhbəri Tamaz Dolaberidze bildirib ki, ixtisara düşən işçilər vəkillərlə məsləhətləşmədən sonra sənədləri qaydaya salıb məhkəməyə müraciət etmək istəyirlər: “Yaxşı ki, zavodla müqaviləmiz var. Bizə bir ay kompensasiya ödəmək istəyirlər. Lakin biz işə bərpa olunanadək etiraz aksiyamızı davam etdirəcəyik”.
“Rustavi Azot" kimya zavodunun rəhbərliyi jurnalistlərə açıqlamasında aksiya iştirakçılarına zavod tam gücü ilə işə düşəndən sonra 1500 lari üç aylıq kompensasiya və yanvar ayının əmək haqqını ödəyəcəklərini bildirib.