Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili prezidentlik müddəti sona çatdıqdan sonra ölkədə siyasi təhsil səviyyəsinin artırılması ilə məşğul olmaq niyyətindədir.
Gürcüstanın konstitusiyasına əsasən, M.Saakaşvili 2008-ci ildə prezident postuna ikinci müddətə seçildiyindən payızda baş tutacaq prezident seçkilərində iştirak edə bilməyəcək.
APA-nın “Novosti Qruziya”ya istinadən verdiyi xəbərə görə, Mixail Saakaşvili gələcək planları barədə ötən gün Tiflisdə NATO-nun baş katibi Anders Foq Rassmusen ilə keçirilmiş birgə mətbuat konfransında açıqlama verib.
Gürcüstan konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərə əsasən, 2013-cü ildə seçiləcək yeni prezidentin inauqurasiyasından sonra ölkə başçısının səlahiyyətləri məhdudlaşdırılaraq parlament və hökumətə veriləcək.