Moskva. Fərid Əkbərov - APA. "Rusiya Avropa İttifaqını Balkanlardakı narahatedici terror aktlarına diqqət ayırmağa çağırır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belqradda Serbiya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daşiçlə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz ATƏT-in Balkanlarda aktiv rol oynamasında maraqlıyıq. Makedoniyada baş verən son hadisələr bizi çox narahat edir. Kosovodakı vəziyyət də heç də nikbinlik vəd etmir. Albaniya rəhbərliyinin "Böyük Albaniya" konsepsiyası əsasında alban dövlətinin yaradılması haqqında bəyanatları narahatlıq doğurur. Bu, ATƏT-in əsas prinsiplərinə və ötən illərdə Balkanlardakı böhranın tənzimlənməsinə dair əldə olunmuş razılıqlara ziddir", - deyə S. Lavrov söyləyib.
Nazir "İslam Dövləti"nin (İŞİD) artıq bu regionda fəallıq göstərməyə başladığını söyləyib: “Onlar bu regionda gəncləri yoldan çıxararaq Yaxın Şərqdə və Şimali Afrikada terrorçu fəaliyyətlərə cəlb etməyə çalışırlar. Əminəm ki, Brüsseldə bu regionda əslində nələrin baş verdiyini yaxşı başa düşürlər. Lakin utanırlar bu barədə danışmağa. Ona görə ki, yəqin onlar öz səylərinin effektsizliyinə haqq qazandırmağa cəhd edirlər".
Rusiya XİN başçısı Makedoniyada baş verən son hadisələrin rəsmi Skopyenin Rusiyaya qarşı sanksiyalardan imtina etməsi və hökumətin "Türk axını" qaz kəmərinin tikintisinə verdiyi dəstəklə də əlaqəli ola biləcəyini vurğulayıb: "Ona görə də, biz Makedoniyada baş verən hadisələrin bununla hansısa bir əlaqənin olduğu hissindən vaz keçə bilmirik. Biz Makedoniya hakimiyyətinin fəaliyyətini dəstəkləyirik və bütün siyasi qüvvələri dialoqa çağırırıq".