Bakı. Şamil Əlibəyli – APA. Keçmiş Yuqoslaviyada 1991-1995-ci illərdə baş verən müharibənin ən qanlı hadisəsindən – Srebrenitsa soyqırımından 18 il ötür. APA-nın məlumatına görə, 1995-ci il iyulun 11-də Bosniya və Herseqovina serblərinin silahlı qüvvələrinin komandanı Ratko Mladiç öz qoşunları ilə əhalisi əsasən müsəlmanlardan ibarət olan Srebrenitsa şəhərini mühasirəyə alaraq təxminən 8 min kişini və gənci qətlə yetirib. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal və BMT beynəlxalq məhkəməsi bu hadisəni soyqırım kimi təsnif edib. 2009-cu ilin yanvarında Avropa Parlamenti iyulun 11-i tarixinin “Srebrenitsa soyqırımı günü” kimi qeyd edilməsi barədə qərar qəbul edib.
Hər il olduğu kimi, bu gün də Bosniya və Herseqovinada bu hadisə ilə bağlı anım mərasimlər təşkil olunacaq. Bu gün Srebrenitsanın yaxınlığında yerləşən Potoçari qəbiristanlıqda şəxsiyyəti müəyyən edilmiş daha 409 nəfərin dəfn mərasimi keçiriləcək. Bununla da, qəbiristanlıqda torpağa tapşırılmış soyqırım qurbanların sayı 6 mini ötüb.