Bank Of Baku

Tiflisdə “Arşın mal alan” komediyasının gürcü dilində oynanılmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

Tiflisdə “Arşın mal alan” komediyasının gürcü dilində oynanılmasının 100 illiyinə həsr olunan  tədbir keçirilib
# 11 aprel 2016 21:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının gürcü dilinə tərcümə edilərək Tiflisdə oynanılmasının100 illiyinə həsr olunan tədbir keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycan muzeyinin direktoru Leyla Əliyeva açaraq komediyanın yazılma tarixi haqqında gürcü ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verib.  Tədbirdə çıxış edən Tiflis şəhər meri David Narimaniya Üzeyir bəy Hacıbəyovun  “Arşın mal alan” komediyasının gürcü teatr səhnəsində oynanıldığını və yalnız gürcü deyil, müxtəlif dillərə tərcümə olunaraq maraq doğurduğunu bildirib.

 

Tədbirdə çıxış edən Gürcüstanın məşhur incəsənət adamları Üzeyir bəy Hacıbəyovun komediyasının gürcü incəsənət tarixində basilica yerlərdən birini tutduğunu qeyd ediblər. Natiqlər komediyanın ilk dəfə 1916-cı ildə Tiflisdə oynanıldığını, 1920-ci ildə daha da təkmilləşdirilərək dörd dəfə səhnədə ifa olunduğunu, Kutaisidəki Kukla Teatrında da uğurla oynanıldığını və əsərin gürcü tərcüməçisi Vano Qiqaşvili tərəfindən gürcü dilinə tərcümə olunduğunu bildiriblər. “Arşın mal alan” komediyasınının Tiflisdə oynanılmasının 100 illiyinə həsr olunan tədbirdə Gürcüstan Mədəniyyət Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri, Gürcüstanın elm və incəsənət xadimləri, Gürcüstan patriarxlığının nümayəndələri, ictimaiyyət nümayəndələri, həmçinin gürcü və azərbaycanlı gənclər və jurnalistlər iştirak ediblər.

 

93 yaşlı aktyor və müğənni, əməkdar artist Otar Baxtadze APA-ya “Arşın mal alan” komediyasının 1955-ci ildə Tiflisdəki Musiqili Komediya Teatrının səhnəsində oynanıldığını xatırladıb: “Yadımdadır, Azərbaycanın məşhur komediya ustalarını Tiflisə dəvət etmişdik ki, birlikdə “Arşın mal alan” komediyasını oynayaq. Səhnədə Əsgər rolunu mən, Gülçöhrə rolunu Zaira adlı azərbaycanlı aktyor oynadı. Çox gözəl oxuyurdu. Komediyadakı Sultan bəy rolunu da azərbaycanlı aktyor oynadı. Həmin gün bizim üçün bayram idi. Biz Azərbaycan truppası ilə dostluq edirdik. Azərbaycan aktyorlarının məharəti və peşəkar incəsənət xadimləri kimi çıxışı hələ də Gürcüstanda söylənilir,” 93 yaşlı gürcü aktyoru bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR