Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda NATO İnformasiya Mərkəzi və Avropa Birliyi tərəfindən təşkil edilən və Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri üzrə Dövlət Nazirliyi Aparatı və Rumıniyanın Gürcüstandakı NATO ilə əlaqə səfirliyi və NATO ilə əlaqələr ofisinin dəstəyi ilə NATO həftəsi başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün NATO həftəsi çərçivəsində "Gürcüstanın NATO-ya inteqrasiya prosesi barədə ictimaiyyətin məlumatlandırılması" mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə Çernoqoriya, Bosniya və Herseqovina, Makedoniya kimi NATO-ya üzv olmağa iddiaçı (aspirant) ölkələr də iştirak ediblər.
Tədbiri Gürcüstanın Avropa və Avro-Atlantik strukturlarına inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksey Petriaşvili açaraq, iştirakçıları salamlayıb. Sonra tədbirdə NATO Baş katibinin müavini, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndə Ceyms Appaturay çıxış edərək, belə tədbirlərin keçirilməsini Gürcüstan üçün vacib saydığını bildirib: “Ölkədə olan azad media, demokratik inkişaf, insan hüquqlarının müdafiəsi və yeni hakimiyyətin seçkiləri sülh şəraitində başa çatdırması, eyni zamanda ölkə əhalisinin NATO-ya daxil olmasını müsbət qarşılaması təsdiq edir ki, Gürcüstanın NATO-ya doğru addımları ciddidir. Bunu əhali də istəyir, yeni hakimiyyət də. Bu, çox vacibdir. Gürcüstanda NATO həftəsinin keçirilməsini çox müsbət qiymətləndirirəm. Bu onu göstərir ki, istər yerli əhali, istərsə də xarici ölkələr Gürcüstanın NATO-ya istiqamətlənməsi barədə ətraflı məlumat alacaqlar. Əlbəttə, biz Gürcüstanın NATO yönümlü olmasını alqışlayırıq, biz tez-tez yeni hakimiyyətin məmurları ilə bu mövzuda görüşlər keçiririk. Bu gün bu tədbirdə müxalifət nümayəndələrinin iştirakı da təqdirəlayiqdir. NATO yalnız hərbi ittifaq deyil, eyni zamanda siyasi ittifaqdır, buna görə də hələ Gürcüstanda bir çox demokratik islahatlar keçirmək lazımdır.”
C. Appaturay çıxışında Gürcüstan Hərbi Qüvvələrinin Əfqanıstanda iştirakına görə, hakimiyyətə təşəkkürünü bildirib. Sonra tədbirdə Rumıniyanın Gürcüstandakı səfiri Dimitri Badea, Gürcüstan xarici işlər nazirinin müavini David Zalkaliani çıxış ediblər. Çıxışlardan sonra tədbir jurnalistlər üçün qapalı keçirilib.
Tədbirdə diplomatik korpus nümayəndələri, NATO rəsmiləri, Türkiyə Müdafiə Nazirliyinin rəsmisi Oqtay Şünyigid, Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Murad Bürhan da iştirak edir.
Qeyd edək ki, Gürcüstanda NATO Həftəsi iyunun 10-dək davam edəcək və həftə çərçivəsində bir çox tədbirlər və rəsmi görüşlər planlaşdırılıb. Məlumata görə, NATO qərargahının yüksək rütbəli nümayəndələri tədbirlərə qatılmaq üçün Gürcüstana səfər edəcəklər.
NATO Həftəsi iyunun 10-da "NATO Gənclər Sammiti" ilə yekunlaşacaq.