Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə 100-dək azərbaycanlı və gürcü tələbənin iştirakı ilə Azərbaycana dəstək yürüşü keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, yürüşə Heydər Əliyevin Tiflisdəki büstü önündən start verilib.
Tədbir başlamamışdan öncə tələbələr Azərbaycan torpaqları uğrunda şəhid olmuş əsgər və zabitlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Gənclər əllərində Azərbaycan bayraqları və müxtəlif məzmunlu şüarlar tutaraq Tiflisin küçələri ilə yürüş ediblər. Yolboyu tələbələr gürcü və Azərbaycan dillərində şüarlar səsləndiriblər.
Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında Azərbaycanın dövlət himnini oxuduqdan sonra “Qarabağa ədalət!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Cana-can, qana-qan! Səninləyik, Azərbaycan!”, “Qarabağ Azərbaycanındır!”, gürcü dilində yazılan “Abxaziya və Osetiya, Qarabağa həmrəylik!” sözləri yazılan şüarlar səsləndirilib.
Tiflis Dövlət Universitetinin (TDU) III kurs tələbəsi Daur İsmayılov tələbələr qarşısında çıxış edərək son günlər Dağlıq Qarabağda baş verən hadisələrdən danışıb: “Biz bu gün yüksək əhval-ruhiyyədəyik. Tiflisdə yürüşümüzün məqsədi Azərbaycanı dəstəkləməkdir. Biz, mənəvi vətənimizə başucalığı və qələbələr arzulayırıq. Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələri bizimlə həmrəydir. Bu gün adı hərb tariximizə qızıl hərflərlə yazılacaq Azərbaycan ordusunun son uğurları bizi sevindirir, Azərbaycan torpaqlarını işğaldan azad edən əsgər və zabitlərimizlə fəxr edirik. Biz həm də analarımıza başsağlığı veririk, şəhidlərin ölməzliyini və vətənin bölünməzliyini vurğulayırıq”.
Sonra TDU-nin tələbəsi Daur İsmayılov gitarada azərbaycanlı tələbələrlə birlikdə əsgər marşı oxuyub.
Yürüş insidentsiz başa çatıb.