İstanbul. Mayis Əlizadə - APA. Türkiyə Təbiblər Palatası, Türk Toraks Dərnəyi, Türkiyə Farmasevtlər Dərnəyi, Türkiyə Psixiatriya Dərnəyi, Türkiyə Xalq Sağlığı Dərnəyi, Türkiyə Tibbi Ekspertiza Dərnəyi nümayəndələrinin İstanbulda keçirdikləri müştərək mətbuat konfransında Gəzinti Parkı aksiyalarında polisin tətbiq etdiyi bibər qazının yasaqlanması tələb olunub. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, Türk Toraks Dərnəyin elm komitəsinin başqanı, professor Əlif Dağlı aksiyalarda bibər qazının təsirinə məruz qalmış insanlar üzərində testlər apardıqlarını, nəticələrin AB və ABŞ-ın səhiyyə təşkilatlarına və Dünya Səhiyyə Təşkilatına göndərildiyini xatırladaraq bibər qazının Türkiyədə tətbiqinin qarşını almaq məqsədilə elmi araşdırmalara başladıqlarını açıqlayıb. Ə. Dağlı gözyaşardıcı qazların “kimyəvi silah” kateqoriyasına daxil edilməsinə çalışacaqlarını vurğulayıb.
Türkiyə Psixiatriya Dərnəyinin açıqlamasında isə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi işgəncə kimi dəyərləndirilib. Tibbi Ekspertiza Dərnəyi İstanbul şöbəsinin sədri, professor Ümit Biçər Gəzinti Parkı hadisələrində ölən 2 nəfərin bibər qazından zəhərlənmələri ilə bağlı güclü şübhələrinin olduğunu deyib. Kimyəvi silahlardan istifadə edilməməsinə dair konvensiyaya Türkiyənin 1997-ci ildə qoşulduğunu bildirən Ümit Biçər dinc aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsinə görə digər QHT-lərlə birlikdə prokurorluğa şikayət edəcəklərini deyib.
Türkiyənin tanınmış vəkili Turqut Kazan isə aksiyaçılara gözyaşardıcı qaz sıxanların cəzalandırılacağına ümid etmədiyini, ancaq AKP iqtidardan gedəndən sonra buna məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib.
Mətbuat konfransının axırında bundan sonrakı dinc aksiyalarda bibər qazından istifadə edilməməsi üçün Ərdoğan hökumətinə ünvanlanmış müraciət oxunub.